Zəhra Adıgözəl qızı Kərimova () — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942).

Həyatı Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir.

Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur. 10 ildən artıq nazir olduqdan sonra 1952-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri sədri seçilir.

Zəhra Kərimova nazir işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə sənəd verərək oranı fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Nazirlər Sovetinə şöbə müdiri təyin edilmişdir. 1942-ci ildə "Lenin" ordeni, 1945-ci ildə isə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

1959-cu ildən İttifaq əhəmiyyətli təqaüdçü olmuşdur. 1990-cı ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Qubadlı rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri Kateqoriya:Azərbaycanın qadın nazirləri