Xəlil Rza Ulutürk (tam adı: Xəlil Rza oğlu Xəlilov; ) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). "X. R. Xəlilova (Xəlil Rza Ulutürkə) "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 aprel 1992-ci il tarixli 699 nömrəli Fərmanı Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir.Ədəbi fəaliyyətə isə tələbəlik illərində başlamış və ilk şeirləri mətbuatda dərc edilmişdir. Uzun müddət Azərbaycan Yazıçılar Birliyində, habelə müxtəlif mətbuat orqanlarında çalışmışdır. O, həm də ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparmış, Azərbaycan ədəbi irsinin öyrənilməsinə töhfə vermişdir.

1980-ci illərin sonlarında Azərbaycanın milli azadlıq hərəkatında fəal iştirak etmişdir. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra həbs edilərək bir müddət Moskvanın Lefortovo həbsxanasında saxlanılmış, 1991-ci ildə həbsdən azad edilmişdir. Həbsdən sonra fəaliyyəti davam etdirmiş və müstəqillik dövründə Azərbaycanın nüfuzlu şairlərindən biri kimi tanınmışdır. 1992-ci ildə ona "Azərbaycanın Xalq Şairi" fəxri adı verilib.

Xəlil Rza Ulutürk 1994-cü ildə Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir. Xəlil Rza Ulutürkün yaradıcılığı Azərbaycan ədəbiyyatında milli dəyərlərin qorunması və siyasi-ictimai ideyaların poeziyada ifadəsi baxımından xüsusi yer tutur.

Həyatı Xəlil Rza Ulutürk 1932-ci il oktyabrın 21-də Azərbaycanın Salyan rayonunun Pirəbbə kəndində dünyaya gəlmişdir. Bəzi qaynaqlarda onun doğum tarixi 1933-cü il olaraq qeyd edilib. Belə ki, onun pasportu və hərbi biletində təvəllüdü 1933-cü il yazılıb. Lakin X. Rzanın özü doğum tarixinin 1932-ci il olduğunu bildirib və özünün "Təşviqatçı" jurnalı ilə yaşıd olduğunu söyləyib.

Xəlil Rzanın atasının adı Rza Nağıyev, anasının adı isə Xanım Nağıyevadır. Xəlil Rzanın babalarından Rüstəm bəy 1918-ci ildə erməni daşnaklarının Azərbaycanda həyata keçirdiyi etnik təmizləmə zamanı şəhid edilmişdir. Xəlil Rzaya adını verən digər babası Xəlil bəydir. Xəlil bəyin "bir az torpağı, bir cüt öküzü və bir kotanı" olduğu üçün 1933-cü ildə Sovet hökuməti tərəfindən əmlakı müsadirə edilib. Daha sonra isə millətçi fikirlərinə görə Sovet hökuməti tərəfindən 1937-ci ildə həbs edilərək Sibirə sürgün edilmişdir. Ailə əmlakını itirdikdən sonra 1939-cu ildə Salyana köçmək məcburiyyətində qalıb.

Bundan sonra ailənin bütün yükü artıq 30 yaşlarında olan Xəlil Rzanın atası Rza bəyin üzərində olur. Mühasiblik və müfəttişliklə məşğul olan Rza bəy İkinci Dünya müharibəsi başlayar-başlamaz orduya çağırılmış, 1941–1942-ci illərdə Moskva yaxınlığında gedən döyüşlərdə fəal iştiral etmişdir. Salyana qayıtdıqda onun bədənində mərmi və bombalardan yaranmış 17 yara var idi. Rza bəy 1957-ci il oktyabrın 17-də bu yaralar səbəbindən vəfat etmişdir. Xəlil Rza Ulutürkün hələ uşaq yaşlarında şahidi olduğu bu pis hadisələrin onda buraxdığı izlər sonrakı dövrlərdə onun ədəbi əsərlərində, elmi işlərində və geniş kütlələr qarşısında etdiyi çıxışlarında özünü göstərmişdir.

Xəlil Rza xatirələrində atasından sevgi və həsrətlə bəhs edir, ona milli şüuru aşılamaqla yanaşı, milli ədəbiyyata və fikir dünyasına maraq oyadan şəxsin də məhz atası olduğunu qeyd edir. Belə ki, Xəlil Rza Ulutürk Füzuli, Raci, Sabir, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Tofiq Fikrət kimi şairlərin şeirlərini ilk dəfə atasının – Rza bəyin səsindən dinləmişdir. O bu barədə xatirələrində yazır: Müstəqil Azərbaycanın birliyinin və mədəni irsin nəsildən-nəsilə ötürülməsinin yalnız ana dilinin qorunması ilə mümkün olduğunu vurğulayan Xəlil Rza Ulutürk, şeirlərində və elmi işlərində ana dili mövzusuna xüsusi həssaslıq göstərmişdir. O, xatirələrində Azərbaycan dilinin bütün incəliklərini və ahəngini məhz anasından öyrəndiyini xüsusilə vurğulayır. O həmçinin anasının evdar xanım olduğunu, 5 oğlan, 3 qız övlad böyütdüyünü bildirir. Xəlil Rza Ulutürk kimi bacı və qardaşları Rüstəm, Tofiq, Məmməd, Böyükxanım, Ulduz, Arifə və Fərhad da poeziyaya olan meyilləri ilə tanınıblar.

Gənclik illəri Xəlil Rza Ulutürk 1939-cu ildə Salyan rayonu 2 nömrəli orta məktəbdə təhsil həyatına başlamış və 1949-cu ildə orta məktəbi bitirmişdir. Ulutürkün düşüncə dünyasını şeirlə ifadə etmə meyli orta məktəb illərində formalaşıb. Onun orta məktəb illəri ədəbi yaradıcılığının hazırlıq dövrü sayılır. Müasir və klassik yazarların, eləcə də şifahi xalq ədəbiyyatının əsərləri ilə tanış olan Xəlil Rza bu illərdə özünü şeir vasitəsilə ifadə etməyə başlayır.

Xəlil Rza Ulutürk 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur. O, universitetdə oxuduğu dövrdə Cəfər Xəndan və Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəyə qoşulur. Daha sonra Xəlil Rza Ulutürk "Azərbaycan Yazıçılar Birliyi"nin sədri Mirzə İbrahimovun rəhbərliyi ilə təşkil olunan "Gənclər Günü" tədbirlərində iştirak edir. Ulutürkün daxil olduğu bu ədəbi mühit onun şair kimi yetişməsində və ədəbi biliklər qazanmasında mühüm rol oynayıb.

Xəlil Rza Ulutürkün şeirləri 1949–1954-cü illərdə tez-tez çap olunur. Beləliklə o, ədəbi mühitdə tanınmağa başlayır. Ulutürk 1954-cü ildə universitetdən məzun olur və həmin il Azərbaycan Yazıçılar Birliyinə üzv seçilir. Universitet təhsilini başa vurduqdan sonra "Azərbaycan Qadını" jurnalında işləməyə başlayır və iki il bu jurnalda fəaliyyət göstərir.

1957–1958-ci dərs ilində Xəlil Rza Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Ali Ədəbiyyat kurslarına göndərilir. N. Xəzri, Ə. Kürçaylı, Qabil, M. Araz, S. Tahir, Ə. Əylisli, Fikrət Qoca, A. Mustafazadə, S. Məmmədzadə və başqaları da həmin təhsil ocağında təhsil alıblar. Bu kurslarda müxtəlif illərdə Çingiz Aytmatov, Rəsul Həmzətov, Yevgeni Yevtuşenko, David Kuqultinov və başqaları da təhsil almış, görkəmli yazıçılar Pablo Neruda, Romen Rollan, Nazim Hikmət və başqaları ilə kursun müdavimlərinin maraqlı görüşləri keçirilmişdir. X. Rza Pavel Antokolskinin sinfində oxuyub.

Müəllim kimi fəaliyyəti 1959–1962-ci illərdə "Göyərçin" jurnalının redaksiyasında çalışır. 1959-cu ildə Moskva şəhərindəki təhsilini tamamladıqdan sonra Bakıya qayıdaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunda bir müddət assistent kimi fəaliyyət göstərir. 1963-cü ildə o, "Müharibədən Sonrakı Azərbaycan Sovet Ədəbiyyatında Poema Janrı" mövzusunda dissertasiyasını müdafiə edərək "Filologiya elmləri namizədi" elmi dərəcəsini qazanır.

1963-cü ildən etibarən Ulutürk N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deməyə başlamışdır. Onun dərsləri barədə İsmayıl Şıxlının fikirləri maraqlıdır:

Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz xanım xatirələrində şairin dərslərinin, digər dərslərdən qaçaraq gələn tələbələrlə dolu olduğundan söz açır. Ulutürk dərs prosesində yaşadığı həyəcanı və tələbələrlə olan münasibətini 1964-cü ildə qələmə aldığı "Mənim tələbələrim" adlı şeirində ifadə etmişdir. left|thumb|Xəlil Rza Ulutürkün imzası Ulutürk, digər həmkarlarından fərqli olaraq, dərslərində saf Azərbaycan türkcəsinin qorunması üçün mübarizə aparmış və tələbələrinə Azərbaycan türkcəsi və vətən sevgisi aşılamağa çalışmışdır. O uzun illər Azərbaycan türkcəsini gücləndirmək, ərəb, fars, rus dillərində söz və ifadələrdən təmizləmək üçün səy göstərib. Azərbaycan dilində "çimərlik" sözü ilk dəfə onun tərəfindən istifadə edilib. O, "doğma" sözünü "biçim", "televizor"u "telegüzgü", "fortoçka"nı "nəfəslik", "istiqaməti" isə "yön" sözü ilə əvəzləmişdi. Həyat yoldaşı Xəlil Rzanın bu həssalığını belə ifadə edir:

Lakin onun ana dil mövzusundakı bu mövqeyi rəhbərlik tərəfindən narazılıqla qarşılanmış və nəticədə Ulutürk vəzifəsindən uzaqlaşdırılmışdır. Bu hadisədən sonra Xəlil Rza bir müddət işsiz qalır.

Ulutürkün ana dilə olan həssaslığı Sovet rəhbərliyini də narahat etmişdir. Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi Axundov, Mərkəzi Komitənin 1962-ci il avqust iclasında təqdim etdiyi raportda Xəlil Rzanın "Ana dili" başda olmaqda şeirlərini tənqid edərək milli qürur hisslərinin zəbunu olmaqla günahlandırmışdır.

Böyük Azərbaycan şairi Vaqifin 250 illik yubileyi münasibətilə Azərbaycana gələn Türkiyə heyəti ilə Ulutürkün görüşməsinə icazə verilməmişdir. Yubiley müddətində Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən izlənilən şair, bütün bu təzyiqlərə məhəl qoymadan Türkiyədən gələn qonaqları ilə hoteldə görüşərək onlara öz əl yazmalarını təqdim etmişdir. Ulutürk Türkiyədə dərc olunan "Ana dili" şeirinə görə, Azərbaycan Yazıçılar Birliyi tərəfindən təzyiqlərə məruz qalır. Birliyin sədri Mehdi Hüseyn 8 sentyabr 1962-ci il tarixli "Ədəbiyyat və İncəsənət" qəzetində çap olunan məqaləsində Xəlil Rzanın "zərərli milli qürur"unu tənqid edir. Ulutürk "Ana dili" şeirinin yayımlanmasından sonra 1967-ci ildə Azərbaycanlı yazıçıları təmsil edərək Türkiyəyə səfər edir. Bu vacib səfər şairin türkçülük ideyalarının əsasını qoymuşdur.

Bu hadisələrdən sonra Xəlil Rza uzun müddətli təqiblərə məruz qalır. Onun telefonları izlənilir, rəsmi dairələrdə "günahkar şəxs" elan olunur. Xəlil Rza işsiz qaldığı bu müddət barədə 1990-cı il 20 yanvar hadisələrindən bir neçə gün sonra verdiyi müsahibədə danışır:

Akademiya illəri Ulutürk, Sovet rejiminin maneələrinə baxmayaraq, nəhayət 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nizami Ədəbiyyat İnstitutuna dəvət edilmiş və ədəbi fəaliyyətini baş elmi işçi kimi burada davam etdirmişdir. Ulutürk, Azərbaycan Elmlər Akademiyasının Nizami Ədəbiyyat İnstitutunda Mirzəağa Quluzadə, Əziz Mirəhmədov kimi şəxslərlə birgə çalışmış, tərcümə işləri görərək doktorluq dissertasiyasını hazırlamışdır.

1970-ci ildə xüsusilə təqdim olunacaq doktorluq dissertasiyası üçün Məqsud Şeyxzadə haqqında material toplamaq məqsədilə Daşkəndə gedir. 1974-cü ildə Firəngiz xanım Daşkənddəki Təkmilləşdirmə İnstitutuna göndərilir. Oğlu Rza ilə birlikdə Xəlil Rzanın yanına yollanırlar.

1983-cü ildə Əziz Mirəhmədovun rəhbərliyi ilə Akademiyada Xəlil Rzanın 50 illik yubiley tədbiri keçirilir. 1984-cü ildə M. F. Axundov Kitabxanasında Xəlil Rzaya "Uzun ömürlü gecələr" və "Qardaşlıq çələngi" kitablarına görə Dövlət Mükafatı təqdim olunması qərara alınır. Lakin edilən bu məsələ yuxarı orqanlar tərəfindən əngəllənir. Uzun müddət keçmədən, bu dəfə Qorki Mərkəzi Səyyar Kitabxanası, Azərbaycan Yazıçılar Birliyinin Şeir bölməsi tərəfindən "Gənclik" və "Maarif" nəşrlərinə görə Xəlil Rzaya dövlət mükafatı təqdim olunması üçün tədbir təşkil edilir. Bu tədbirlərə qatılanlar və dəstək verənlər dərhal işdən uzaqlaşdırılırlar. Xəlil Rza isə onların yenidən işlərinə bərpa olunması üçün əlindən gələn bütün səyləri göstərir və az da olsa, buna nail olur. Hətta bu insanlar öz əvvəlki işlərindən daha aşağı vəzifələrdə işləmək məcburiyyətində qalırlar.

1985-ci ildə "Məxsud Şeyxzadənin Bədii Yaradıcılığı və Azərbaycan-Özbək Ədəbi Əlaqələrinin Aktual Problemləri" mövzulu doktorluq dissertasiyasını müdafiə edir. Filologiya elmləri doktoru adını alır. Bir il sonra Xəlil Rzanın maaşı artır, ona "Əməkdar incəsənət xadimi" adı verilir. Daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasına professor kimi təyin edilir.

Milli Azadlıq Hərəkatında iştirakı 1950-ci illərdən etibarən şeirləri və ədəbi yazıları ilə tanınan Xəlil Rza Ulutürkün, 1980-ci illərdən sonra Azərbaycanın müstəqillik mübarizəsində yaxından iştirak edən və istiqlal hərəkatını alovlandıran bir ziyalı kimi siyasi fəaliyyətlərdə adı çəkilməyə başlayır.

Sovet İttifaqının son illərində Xəlil Rza xəstə olmasına baxmayaraq, rəhbər vəzifələrdə çalışan ermənilərin işdən azad edilməsi üçün kampaniyaya rəhbərlik edirdi. O demək olar ki, bütün gününü meydanlarda keçirirdi. Oğlu Təbriz isə atasının şeirləri və çıxışları səbəbindən öldürüləcəyindən qorxduğu üçün həmişə onun yanında idi.