Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19–20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km-dir....Ümumi məlumat, səhifə 9. // Azərbaycanın Statistik Göstəriciləri 2015 (statistik məcmuə). Müəllifi: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Məcmuənin ümumi rəhbəri: Həmid Bağırov; Məcmuənin hazırlanması üçün məsul şəxs: Rafael Süleymanov. Bakı — 2015, 814 səhifə. ISBN 5-86874-232-9 Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir.
Yer kürəsində məlum olan 2000-dən çox palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 66 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (7 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.
Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində indiki Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarlara qaldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.
Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. 2017-ci ildə ABŞ-nin "Global Firepower" araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 2,55 trilyon m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.
Etimologiya
Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.
Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir. Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: "Bəziləri güman edir ki, Azər pəhləvi dilində "atəş", bayqan isə "keşikçi" və ya "atəş mühafizəçisi" deməkdir və beləliklə, söz "atəş məbədi" və ya "atəş mühafizəçisi" deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub."Йакут-ал-Хамави. Му’джам ал-Булдан. (Сведения об Азербайджане). Хамдаллах Казвини. Нузхат-ал-кулуб. (Материалы по Азербайджану). — Баку. Элм. 1983
XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.Гусейнов Г. Из истории общественной и философской мысли в Азербайджане XIX века. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1949. — С. 107. Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: "Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və "Babəkin atəşi" deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib."
Tarix
Qədim dövr thumb|left|Qobustan petroqlifləri
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7–1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır. Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın "Paleolit Arxeoloji Ekspedisiyası" tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur. Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.
Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir. Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7-ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlitəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6–4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.
Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu — III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
Eramızdan əvvəl I minillikdə — bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
Feodal dövrü
thumb|2000-ci ildə İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.
III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş — monoteist din yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş — tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında — Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi. thumb|left|Şəki rayonununda yerləşən Kiş kilsəsinin interyeri