Mössbauer spektroskopiyası (qamma-rezonans spektroskopiyası) – bərk cisimlərin, özlü mayelərin xassələrini tədqiq etmək üçün Mössbauer effektinə əsaslanan fiziki və kimyavi metodlar toplusu. Bu üsullarla tədqiq olunan nümunənin nüvələrinin verilmiş həyəcanlanmış haldan əsas hala keçərkən şüalandırdığı rezonans γ-kvantların udulma (keçmə), səpilmə və emissiya energetik spektrləri öyrənilir.
Rezonans γ-kvantların mənbəyi kimi adətən bərk matrisə daxil edilmiş uzun yarımparçalanma dövrünə malik radioaktiv nüvələrdən istifadə edilir. Mössbauer spektrometrində γ-kvantlarının mənbəyi (adətən, xətti mühərrikin köməyi ilə) dəyişən v sürəti ilə hərəkət edir və nəticədə, Doppler effekti hesabına, γ-kvantın enerjisi ΔE=E0∙v/c (E0 - rezonans keçidinin enerjisi, c - işığın sürəti) qədər dəyişir. Mössbauer spektri detektor tərəfindən qeydə alınan (nümunədən keçən və ya səpələnən) γ-kvantların sayının v sürətindən asılılığını ifadə edir. Enerji spektrinin ayırdetmə qabiliyyəti γ-keçidinə uyğun xəttin Γ təbii eni ilə müəyyən edilir. İstifadə olunan izotopların əksəriyyəti üçün emissiya və ya udma xəttinin Γ qədər sürüşdürülməsi üçün tələb olunan sürət v = 0.1–10 mm/s uyğun gəlir. Mössbauer spektrlərinin forması həm nüvələrin öz xüsusiyyətlərindən, həm də bu nüvələrin tədqiq olunan maddənin daxili elektrik və maqnit sahələri ilə qarşılıqlı təsirinin xarakterindən asılıdır. Ona görə də eksperimental Mössbauer spektrlərinin hərtərəfli analizi γ-kvantları rezonans şəkildə uda bilən izotoplara malik olan materialların xassələri haqda unikal informasiya verə bilir. Məhz buna görə də Mössbauer spektroskopiyası bərk cisim fizikası, nüvə fizikası, kimya, səth fizikası və kimyası, biologiya, geologiya, tibb, texnologiya və s. sahələrdə geniş tətbiq olunur. Kateqoriya:Spektroskopiya