III Ferdinand () və ya Müqəddəs Ferdinand (; ) — Kastiliya, Leon və Qalisiya kralı.
Həyatı 1199-cu ildə Samorada dünyaya gəldi. Atası Leon kralı IX Alfonso, anası isə onun ikinci xanımı, Kastiliya kralı VIII Alfonsonun qızı Berenqariyadır. Hər iki valideyni də Kastiliya və Leon kralı VII Alfonsonun şəcərəsinə mənsub idi. Belə ki, anasının babası III Sanço və ata-babası II Ferdinand onun oğulları idi. Bu səbəblə, Roma papası III İnnokenti bu evliliyə qarşı idi. Hətta IX Alfonsonu aforoz etməklə hədələyirdi. Evliliyə icazə verməsi qarşılığında kilsəyə külli miqdarda ödəmə edəcəyini vəd etsə də, bu təklifi geri çevrildi. Nəhayət, 1204-cü ildə cütlüyün evliliyi ləğv edildi və may ayında övladlarını da yanına alan Kraliça Berenqariya öz ölkəsinə qayıtdı.
1217-ci ildə dayısı I Henrinin vəfatından sonra anası təkbaşına taxta çıxdı. O əsnada atasının sarayında olan Ferdinand bir bəhanəylə Kastiliyaya çağırıldı və 31 avqustda anası onu ortaq monarx elan etdi. Anasının vastəçiliyi ilə, 26 avqust 1218-ci ildə Toro paktını imzalayaraq atasıyla arasında sülhü təmin etdi. Ancaq atası bu hadisədən sonra oğlunu Leon taxt-tacı varisliyindən uzaqlaşdıraraq ilk evliliyindən doğulan qızları Sança və Dulsanı vəliəhd elan etdi. Atasının 24 sentyabr 1230-cu ildə vəfatından sonra anası Kraliça Berenqariya və atasının ilk xanımı Portuqaliyalı Terezanın vasitəçiliyi ilə ögey bacılarına külli miqdarda təzminat ödəyərək Leon taxt-tacını satın aldı. Beləcə, ullu babası VII Alfonsonun vəfatından bəri parçalanmış Kastiliya və Leon taxt-tacları yenidən birləşdi.
Yarımadadakı müsəlmanlar üzərinə ard-arda hərbi səfərlər tərtiblədi. Müvəhhid xəlifəsi II Yusifin 1224-cü ildə vəfatı və ardından çıxan taxt mübarizəsindən istifadə edən III Ferdinand Əndəlüsdəki bir çox mühüm qala və şəhərləri ələ keçirdi. Qranada əmirliyi istisna olmaqla, yarımadadakı bütün müsəlman tayfa ittifaqları məğlub edildi.
1252-ci ildə Sevilyada vəfat edi. Cənazəsi Sevilya kafedralına dəfn olundu. 1671-ci ildə Roma papası X Klement tərəfindən müqəddəs elan olundu.
Ailəsi İlk evliliyi 1219-cu ildə Şvabiyalı Yelizaveta ilə baş tutdu. Seçilən gəlin namizədi anasının ilk əri Şvabiyalı Konradın qardaşı qızı, üstəlik Müqəddəs Roma imperatoru I Fridrix Barbarossa və Bizans imperatoru II İshaqın nəvəsi idi. Cütlüyün bu nigahdan 10 övladı doğuldu.
X Alfonso (1221-1284) Fridrix (1223-1277) Ferdinand (1225-1243) Elyanora (1227-1229) Berenqariya (1228-1289), rahibə olmağı seçdi. Henri (1230-1303) Filipp (1231-1274) Sanço (1233-1261), rahib olmağı seçdi. Manuel (1234-1283) Mariya (1234-1235)
Xanımının 1235-ci ildə vəfatından sonra dul qalan III Ferdinand 1237-ci ildə Pontye qrafinyası Janna ilə evləndi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.
Ferdinand (1238-1269) Elyanora (1241-1290) Lüdovik (1243-1269) Simon (1244) Con (1245)
Mənbə
Ədəbiyyat
González, Julio. Reinado y Diplomas de Fernando III, i: Estudio. 1980.
Saint Ferdinand at the Christian Iconography web site
İstinadlar Kateqoriya:XIII əsr Avropa hökmdarları