Kiril Nikolayeviç Androsov () və ya Kiril Aleksandroviç Romanov-İsgəndər (; ) — Rusiya imperatoru I Nikolayın kötücəsi, Romanov-İsgəndər Knyazı.
Həyatı 5 dekabr 1915-ci ildə Petroqradda dünyaya gəldi. Atası böyük knyaz Konstantin Romanovun nəvəsi Aleksandr Nikolayeviç İsgəndər, anası isə əslən polyak olan Olqa İosifovna Roqovskayadır. Doğulduğu əsnada atası Birinci Dünya müharibəsi iştirakçısı idi və qısa fasilələrlə cəbhəyə yollanırdı. Hələ 2 yaşında ikən bacısı Nataliyanın vəftiz mərasimi münasibətilə paytaxta qayıdan babası Nikolay Konstantinoviçlə ilk dəfə tanış oldu. Belə ki, babası 1917 Fevral inqilabından öncə Daşkəndə sürgün edilmişdi və inqilabdan sonra haqqındakı sürgün qərarı ləğv edilsə də, səhhəti pis olduğu üçün Daşkəndə döndü və orada vəfat etdi. Atası Aleksandr Nikolayeviç isə müharibənin ardından ailəsini də yanına alaraq Daşkəndə qayıtdı və orada bolşeviklərə qarşı mübarizəni davam etdirdi. Ardından məğlub edilərək sürgünə məcbur edildi. Ömrünün qalanını sürgündə Yunanıstan və Fransada yaşadı.
Beləcə, Rusiya imperiyasının süqutundan sonra Daşkənddə qalan Kiril Aleksandroviç 5 il sonra - 1922-ci ildə anası və körpə bacısıyla birlikdə Moskvaya köçdülər. Anası 1924-cü ildə maliyyə məmuru Nikolay Nikolayeviç Androsovla evləndi və uşaqlar ögey atalarının adına qeydiyyata alındılar. Beləcə, Kiril Aleksandroviç Romanov-İsgəndər olaraq doğulsa da, rəsmi sənədlərdə Kiril Nikolayeviç Androsov olaraq qeydə alındı. Çar ailəsinin izləri sənəd üzərində silindi və beləcə, həm Kiril, həm də bacısı Nataliya üçün həyat daha asanlaşdı.
Qalan həyatını SSRİ-də yaşayan Kiril Nikolayeviç 1941-ci ildə Böyük Vətən müharibəsinə könüllü kimi qatıldı. 664-cü topçu alayında vuruşdu və çavuş rütbəsinə yüksəldi. 21 iyun 1943-cü ildə yaralandı və arxa cəbhəyə göndərildi.
6 aprel 1985-ci ildə II dərəcəli "Vətən müharibəsi" ordeniylə mükafatlandırıldı. Marina Semyonovna ilə evlənsə də, bu nigahdna övladı olmadı.
7 fevral 1992-ci ildə Moskvada vəfat etdi və Vaqankovo qəbiristanlığına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Князь Михаил Греческий. В семье не без урода: Биография Великого князя Николая Константиновича / перевод: Елена Кассирова. — М.: Захаров, 2002. — 272 с. — ISBN 5-8159-0263-2 Ю. М. Нагибин. Дневник / Юрий Кувалдин: общая редакция, составление, послесловие, указатель имён. — М.: Книжный сад, 1996. — С. 325, 624—625. — 35 000 экз. — ISBN 5-85676-043-3 C. Arnold McNaughton. The Book of Kings: A Royal Genealogy, in 3 volumes (англ.). — London: Garnstone Press, 1973. — Vol. 1. — P. 314. — ISBN 0-8129-0280-7. — ISBN 978-0-8129-0280-8
İstinadlar Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları