1805-ci il Bakı döyüşü — 1805-ci ilin avqust-sentyabr aylarında Bakı yaxınlığında Rusiya İmperiyası qüvvələri ilə yerli xanlıqların qüvvələri arasında baş vermiş hərbi toqquşmalar və siyasi-hərbi hadisələr silsiləsidir.
Arxa plan General Pavel Sisianov Rusiya imperiyasının Qafqazda işğalçı siyasətini həyata keçirən əsas hərbi və siyasi fiqurlardan biri idi. Onun rəhbərliyi altında rus qoşunları bir sıra Azərbaycan xanlıqlarını işğal etmişdi. 1806-cı ilin əvvəllərində Sisianovun hədəfi Bakı xanlığını Rusiya tabeliyinə keçirmək idi.
Döyüş Mənbələrdə döyüşdə Şirvan xanı Mustafa xan, Quba xanı Şeyxəli xan, Qazıqumuq xanı Surxay xan, onun oğlu Nuh bəy və Bakı xanı Hüseynqulu xanın birləşmiş qüvvələrinin iştirak etdiyi bildirilir. Rəşt istiqamətindəki uğursuz əməliyyatdan sonra 12 avqust 1805-ci ildə general-mayor İrinarx Zavalişinin komandanlığı altındakı rus hərbi donanması Bakı limanına yaxınlaşaraq şəhəri mühasirəyə almışdır. Rus donanması reydə çatmazdan üç həftə əvvəl bakılılar əmlaklarını və ailələrini dağlara təxliyyə etmiş, qala qapısı istisna olmaqla şəhər darvazalarını daşlarla hörərək müdafiəyə hazırlanmışdılar. Avqustun 15-də şəhərin təslim edilməsini tələb edən Zavalişin cavab almadıqda Bakını bombardman etdi və avqustun 22-də sahilə desant çıxardı. Döyüş zamanı Hüseynqulu xanın qüvvələri ruslara aid bir neçə gəmini batırmağa müvəffəq olsa da, sahilə çıxan rus desant birlikləri Bakı qalasını intensiv atəşə tutmuş və müdafiəçilərin 2 topunu və 3 bayrağını ələ keçirməyi bacarmışdı. Lakin Şeyxəli xan və Nuh bəyin rəhbərlik etdiyi əlavə qüvvələrin köməyə gəlməsindən sonra, səhra döyüşündə güclü düşməni dəf etmək və eyni zamanda qalanı uğurla blokadada saxlamaq imkanına malik olmayan Zavalişin, 3 sentyabr tarixində qoşunlarını geri çəkmək məcburiyyətində qaldı. Şeyxəli xan və Nuh bəyin böyük qoşunla sentyabrın 5-də şəhərə daxil oldular.
Zavalişin xanı qalanı təslim etməyə məcbur etmək ümidini itirdikdə və desantın sayının azlığı, eləcə də istehkamların möhkəmliyi səbəbindən həmlə etməyə cəsarət etməyərək sentyabrın 8-də hərbi şura topladı. Hərbi şura Bakını ələ keçirməyin imkansızlığının bütün səbəblərini nəzərə alaraq Bakı reydini tərk etmək və Sarı adasına yollanmaq barədə qərar qəbul etdi.
Sonrakı hadisələr
General Sisianov rus qoşunlarının Bakı ətrafındakı uğursuzluğunu və geri çəkilməsini general-mayor Zavalişinin hərbi əməliyyatları düzgün təşkil edə bilməməsi ilə əlaqələndirirdi. Bakının işğalını səbirsizliklə gözləyən Sisianov Zavalişinin geri çəkilməsi xəbərini kəskin qəzəblə qarşılamış və bu uğursuzluğu Rusiya imperiyasının "şərəfini havaya sovurmaq" kimi dəyərləndirmişdi. Sisianov həmçinin qoşunların qala divarları önündən çəkilib şəhər ətrafındakı yüksəkliklərdə mövqe tutmasını taktiki cəhətdən mənasız hesab edərək bildirirdi ki, yüksəkliklərdə dayanmaq Bakının mühasirəsi demək deyildir və bu cür yanlış taktikaya görə dəstənin uğursuzluğa düçar olması təbii haldır. Bundan əlavə, Sisianov Zavalişinin ləngliyini kəskin tənqid edərək vurğulamışdı ki, onun bu ləngliyi ucbatından Fətəli şah öz diqqətini və qoşunlarını Qarabağ cəbhəsinə yönəltmək imkanı əldə etmişdir. Sisianov buraxılmış hərbi və taktiki səhvləri şəxsən düzəltmək qərarına gəldi. Bu məqsədlə Sisianov 1805-ci il noyabrın sonunda 1663 nəfərlik qoşun və 10 topla Yelizavetpoldan Bakıya doğru yeni bir yürüşə başladı. Lakin bu qış kampaniyası kəskin hava şəraiti, güclü qar və şaxtalar, logistik çətinliklər, eləcə də Sisianovun özünün dözülməz qızdırma xəstəliyindən əziyyət çəkməsi səbəbindən son dərəcə ağır şəraitdə keçdi. Qoşunların xəstəliklərdən zəifləməsinə, sərt qış şəraitinə və hərəkətin çətinləşməsinə baxmayaraq, Sisianov Bakı yaxınlığına çata bilsə də, ümumilikdə bu qış yürüşü planlaşdırılan sürətli hərbi uğuru təmin edə bilmədi və fevralda rus komandanlığına qarşı sui-qəsdlə nəticələnən hadisələrin zəminini hazırladı.
Mənbə
İstinadlar
Ədəbiyyat
Həmçinin bax Alpan döyüşü Başlı döyüşü 1819-cu il Şeyxəli xanın Quba həmləsi Levaşi döyüşü
Kateqoriya:Qafqaz tarixi Kateqoriya:1805-ci ildəki hadisələr Kateqoriya:Rusiyanın müharibələri