Yunan və Danimarkalı Aleksandra (; ) — Yunanıstan kralı Aleksandrın qızı, Yuqoslaviya kraliçası.
Həyatı
Doğumu və status problemi Anasının bətnində hələ 4 aylıq ikən atası Kral Aleksandr saray bağçalarında yaşadığı meymun dişləməsi və yarasına infeksiya yoluxması səbəbilə yaranan sepsisdən vəfat etdi. Kralın ani ölümü, Birinci Dünya müharibəsindən sonra parçalanan siyasi birlik və davam edən Türkiyə-Yunanıstan müharibəsi ölkədə ciddi bir siyasi boşluq yaratdı. Kral Aspasiya Manosla qeyri-monarxial bir evlilik etmişdi və bu səbəblə, doğulacaq uşağın taxt hüququ olmayacaqdı. Ölkədə başqa bir taxt namizədinin olmaması səbəbilə, baş nazir Elefterios Venizelos düşmən olmasına baxmayaraq, 19 dekabr 1920-ci ildə sürgündəki kral I Konstantini ölkəyə geri çağırdı. Beləcə, Şahzadə Aleksandra babasının səltənətində 25 mart 1921-ci ildə Afinada dünyaya gəldi. Babası I Konstantin və atasının nənəsi dul kraliça Olqa Konstantinovna onun vəftiz valideynləri oldu.
Buna baxmayaraq nə Aspasiya Manos, nə də balaca Aleksandra monarx ailəsi üzvü kimi tanınmadı və heç bir monarxial ünvan ala bilmədi. 1922-ci ilin iyulunda nənəsi Kraliça Sofiyanın səyləriylə qəbul edilən qanunla, Şahzadə Aleksandra mərhum kralın qızı kimi tanındı və taxt hüququ verilməsə də, Yunanıstan və Danimarka şahzadəsi () ünvanını istifadə etməyə başladı. Bu isə onun gələcəkdə güclü siyasi evlilik etməsinə şərait yaratdı. Anası Aspasiya Manos isə bu qanundan kənar qalmışdı və hələ də sadə yunan vətəndaşı olaraq görülürdü. Nəhayət, Şahzadə Xristoforun vasitəçiliyi və Kraliça Sofiyanın təzyiqiylə, I Konstantin 10 sentyabr 1922-ci ildə rəsmi dövlət qəzetində dərc olunan qərarla, Aspasiya Manosa Yunanıstan və Danimarka şahzadəsi () ünvanını verdi.
Sürgün illəri Bütün bunlara baxmayaraq, Türkiyə tərəfindən alınan ard-arda məğlubiyyətlər və hərbi çevrilişin ardından babası I Konstantin 27 sentyabr 1922-ci ildə Şahzadə Georqun lehinə taxtdan çəkildi və ölkədən sürgünə məcbur edildi. Ancaq taxta çıxarılan əmisi II Georq ertəsi il baş tutan başqa bir çevrilişlə 19 dekabr 1923-cü ildə ölkədən sürgün edildi. 25 mart 1924-cü ildə (Aleksandranın doğum günündə) İkinci Yunanıstan Respublikasının elanıyla, ölkədəki bütün Yunan monarx ailəsi üzvləri sürgünə məcbur edildi. Şahzadə Aleksandra və anası Aspasiya Manos isə ölkədə qalmasına icazə verilən yeganə monarx ailəsi üzvləri oldu. Monarx ailəsinin sürgünə getməsiylə maddi sıxıntılar yaşayan Aspasiya Manos qızını da yanına alaraq ölkəni tərk etməyi seçdi. Hər ikisi də Florensiyada yaşayan nənəsi dul kraliça Sofiyanın yanında sığınacaq tapdı. Burada bibiləri Şahzadə Helen, Şahzadə İrina və Şahzadə Yekaterina, atasının əmisi oğlu Şahzadə Filipp və bibisi oğlu Şahzadə Mixayla birlikdə xoşbəxt bir uşaqlıq keçirdi.
1927-ci ildə anası Aspasiya Manos qızıyla birlikdə Birləşmiş Krallığa köçdü. Burada yatılı məktəbə qeydə alınsa da, yemə-içmədən kəsildi və sonunda vərəm diaqnozu qoyuldu. Müalicə məqsədilə qızını İsveçrəyə aparan Aspasiya Manos ardından onu Parisdəki bir yatılı məktəbə qoydu. Nəhayət, Venesiyada məskunlaşan ana-qız Yunanıstanda monarxiyanın bərpası və əmisi II Georqun yenidən hakimiyyətə gəlişinin ardından dəfələrlə Afinaya dəvət edildilər. Müxtəlif ailə məclislərində və dövlət tədbirlərində iştirak etdilər. 1936-cı ildə babası I Konstantin, nənəsi Kraliça Sofiya və atasının nənəsi dul kraliça Olqa Konstantinovnanın (hər üçü sürgündə vəfat etmişdi) məzarları açıldı və cənazə qalıqları Tatoy sarayındakı ailə məzarlığına dəfn olundu. Bu münasibətlə keçirilən cənazə mərasimi səbəbilə ana-qız Afinaya dəvət aldılar. 1938-ci ildə əmisi Şahzadə Pavelin Hannover şahzadəsi Frederikayla toy mərasiminə dəvət edildi. 1936-cı ildə Albaniya kralı I Zoğu tərəfindən evlilik təklifi alsa da, Yunanıstan-Albaniya arasında şimali Epir bölgəsi uğrunda davam edən siyasi böhran səbəbilə bu təklif geri çevrildi. 1937-ci ildə Parisdə verilən bir ziyafətdə taxtdan imtina edən Vindzor hersoqu Eduardla vals oynadı və şayələrin yayılmasına səbəb oldu.
28 oktyabr 1940-cı ildə başlayan Yunanıstan-İtaliya müharibəsi Aleksandra və anasını Faşist İtaliyasını tərk etməyə məcbur etdi və İtaliyada sürgündə olan digər ailə üzvləri kimi, onlar da Afinaya köçdülər. Ailənin digər qadın üzvləri kimi, Aleksandra və anası da tibb bacısı olaraq arxa cəbhədə xidmət etdilər. Ard-arda qazanılan qələbələrə baxmayaraq, 6 aprel 1941-ci ildə Nasist Almaniyası Yunanıstanı işğal etdi. Aleksandra və monarx ailəsinin bir çox üzvü 22 apreldə ölkəni tərk etməyə məcbur oldu. Krit adasına sığınan və burada yaşanan alman bombardmanının ardından Misir və Cənubi Afrikaya qaçan ailə, II Georq və Britaniya hökumətindən alınan xüsusi icazəylə Birləşmiş Krallığa sığındılar.
Evliliyi 1941-ci ilin payızında Londona çatan Aleksandra və anası burada Qızıl Xaç cəmiyyətinin fəaliyyətinə yaxından dəstək verdilər. Burada atasının əmisi qızı olan Kent hersoginyası Şahzadə Marina və atasının əmisi oğlu Şahzadə Filipp tərəfindən qonaq edildilər. Hətta bu dövrdə yayılan şayələrə görə, bir müddət Şahzadə Filipplə nişanlı oldular. Ancaq bu şayələr heç vaxt öz təsdiqini tapmadı. 1942-ci ildə Londonda verilən ziyafətlərdən birində Yuqoslaviya kralı II Pyotrla tanış oldu. 19 yaşlı gənc kral ölkəsinin 6 aprel 1941-ci ildə nasistlər tərəfindən işğal edilməsinin ardından Londonda sürgündə yaşamaqda idi. Cütlük qısa zamanda bir-birinə aşiq oldu. Ancaq gənc kralın anası dul kraliça Mariyanın və sürgündəki Yuqoslaviya hökumətinin sərt etirazları, cütlüyün toy mərasimini gecikdirdi. Nəhayət, 20 mart 1944-cü ildə Londondakı Yuqoslaviya səfirliyi binasında evləndilər. Diş ağrısı bəhanəsiylə, kralın anası bu nigah mərasiminə qatılmadı. Üstəlik davam edən müharibə səbəbilə, Aleksandra ərinin bibisi oğlu Vsevolod İvanoviçin xanımı Leydi Mariya Layqonun gəlinliyini geyinmişdi. Mərasimdə iştirak edənlər arasında Britaniya kralı VI Georq və qardaşı Qloster hersoqu Şahzadə Henri, Yunanıstan kralı II Georq, Norveç kralı VII Haakon, Niderland kraliçası Vilhelmina və kürəkəni Lippe-Bisterfeldli Bernard, bəyin qardaşları Şahzadə Tomislav və Andrey, gəlinin anası Aspasiya Manos vardı.
Cütlüyün yeganə övladı Şahzadə Aleksandr 17 iyul 1945-ci ildə Londondakı Klarits otelin 212 nömrəli suit otağında dünyaya gəldi və hər iki babasının (Yuqoslaviya kralı I Aleksandr və Yunanıstan kralı Aleksandr) şərəfinə adlandırıldı. Monarxial qaydaya görə, gələcəkdəki taxt hüququnu itirməməsi üçün Yuqoslav torpaqlarında doğulmalı idi və bu səbəblə, baş nazir Vinston Çörçilldən və VI Georqdan alınan xüsusi icazəylə, otelin 212 nömrəli suit otağı Yuqoslaviya torpağı elan edildi. 24 oktyabrda Vestminster abbatlığında serb yepiskopu tərəfindən vəftiz edildi və VI Georqla vəliəh-şahzadə Yelizaveta onun vəftiz valideynləri oldu. Ancaq vəliəhdin doğum şənlikləri çox çəkmədi. Belə ki, 29 noyabr 1945-ci ildə kommunistlər Yuqoslaviyada monarxiyanı ləğv etdi və respublika elan olundu.
Növbəti sürgün illəri Gəlir mənbələrinin əldən çıxması və Britaniya hökuməti tərəfindən üz döndərilməsi nəticəsində Londonu tərk edən cütlük bir müddət Paris, Monte-Karlo və Sankt-Moritsdə yaşadıqdan sonra 1949-cu ildə Nyu-Yorka köçdü. Maliyyə problemlərini həll etmək üçün Kraliça Aleksandranın zinyət əşyaları dəyər-dəyməzinə satıldı. Əllərindəki az miqdarda investisiyanı birjada itirən II Pyotr alkoqolizmin qurbanına çevrildi. İllərdir anoreksiyadan əziyyət çəkən Kraliça Aleksandra isə 1950-ci ilin yayında Venesiyadakı anasını ziyarəti əsnasında ilk intihar cəhdini reallaşdırdı. Azyaşlı oğlu Şahzadə Aleksandrı Venesiyadakı anasına əmanət edərək Nyu-Yorka qayıtdı. 1952-ci ildə vaxtından öncə tamamlanan bir hamiləliyin ardından psixoloji vəziyyəti daha da pisləşən Kraliça Aleksandra Fransaya qayıtsa da, əriylə olan münasibətləri düzəlmədi. Ertəsi il Parisdə ikinci dəfə intihara cəhd etdi və əmisi arvadı Hannoverli Frederikanın səyləriylə xilas edildi. Xanımının psixoloji vəziyyətindən bezən II Pyotr Paris məhkəmələrinə boşanma üçün müraciət etsə də, oğlu Şahzadə Aleksandr, sürgündəki Yunanıstan kralı Pavel və xanımı Kraliça Frederikanın müdaxiləsiylə fikrindən daşındı. cütlük rəsmi olaraq boşanmasa da, II Pyotr ABŞ-a qayıtdı və Kraliça Aleksandra Venesiyaya anasının yanına döndü. 1963-cü ildə Venesiyada yenidən intihara cəhd etdi və bu dəfə oğlu Şahzadə Aleksandr tərəfindən xilas olundu. Son cəhdinin ardından qaynı Şahzadə Tomislavın xanımı Badenli Marqaritanın (eyni zamanda Şahzadə-konsort Filipp Mauntbettenin bacısı qızı) nəzarətində güclü bir müalicə dövrü keçirdi. Müalicəsinin ardından əriylə yenidən barışan Kraliça Aleksandra 1967-ci ildə Parisdə yaşamağa başladılar. Ancaq bu barışıq qısa çəkdi və cütlük yenidən ayrıldılar.
Son illəri və ölümü Əri II Pyotr 1970-ci ildə ABŞ-da qaraciyər çatışmazlığı səbəbilə vəfat etdi və maddi sıxıntı səbəbilə, İllinoys ştatında dəfn olundu. Beləcə, ABŞ-da dəfn olunan ilk və tək Avropa monarxı oldu. Aleksandra isə maddi sıxıntılar səbəbilə cənazə mərasimində iştirak edə bilmədi. Ərinin ölümünün ardından psxioloji vəziyyəti ağırlaşdı və oğlunun 1972-ci ildə İspaniyadakı toy mərasiminə qatıla bilmədi. Onun yerinə oğlunun yanında atasının əmisi qızı olan Yuqoslaviya şahzadəsi Olqa dayandı. Bir ay sonra anası Aspasiya Manos vəfat etdi və tək qalan Kraliça Aleksandra 1979-cu ildə burdakı mülkləri sataraq Birləşmiş Krallığa köçdü. 30 yanvar 1993-cü ildə Sasseksdə xərçəng xəstəliyi səbəbilə vəfat etdi. Londondakı cənazə mərasiminin ardından Afinadakı Tatoy məzarlığına dəfn olundu.
26 may 2013-cü ildə məzarı açıldı və qalıqları Serbiyaya Oplenatsdakı Müqəddəs Georgi kilsəsinə dəfn olundu. Serbiya prezidenti Tomislav Nikoliç və hökumət nümayəndələrinin qatıldığı mərasimdə, Aleksandra ilə yanaşı əri II Pyotr, qaynanası dul Kraliça Mariya və qaynı Andreyin də qalıqları buraya yenidən dəfn olundu.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Yunanıstanın qadın şahzadələri