Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.

Tarixi Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi.

Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur. Həmin andan özünü müstəqil elan edən Əhməd Sultan Makunu 340-400 kəndi əhatə edən 14 mahaldan ibarət xanlığa çevirir. O İrəvanda yaşayan Bayat türkləri və qacarların köməyi ilə Çörs sultanlığını da xanlığa tabe edir. Çörs sultanlığı 1747-ci ilə qədər Makudan daha güclü bir vilayət idi. Əhməd xan Bayat xanlığın idarəsi və möhkəmləndirilməsi üçün də bəzi tədbirlər gördü. Onun və oğlu Hüseyn xanın haqqında məlumat azdır. Xanlığın içində anklav olaraq Ayrımlı tayfasının 30 kənddən ibarət olan öz Avacıq xanlığı da var idi. Xanın ölümündən sonra torpaqlar oğlanları Həsən və Hüseyn xan arasında bölündü. Həsən xan İrəvanlı Məhəmməd xan Qacardan asılılığa düşdü.

Maku xanı Hüseyn xan 1778-ci ildə xanlıq taxtına oturdu. Hüseyn xan Xoylu Cəfərqulu xan, İrəvan xanı Məhəmməd xan və Naxçıvan xanı Kəlbəli xanla Fəthəli şaha və vəliəhdi Abbas Mirzəyə qarşı birləşmişdi. Ağa Məhəmməd şah qardaşı Hüseynqulu xanın oğlu Fəthəli xanı öz vəliəhdi elan etmişdi həmçinin Sərab xanı Sadiq xan, Urmiya xanı Məhəmmədqulu xan Əfşarla da ittifaqa girmişdi. 1798-ci ildə Fəthəli xanın Azərbaycan səfəri zamanı Sadiq xan Təbriz ətrafını, Məhəmmədqulu xan isə Urmiya qalasını gücləndirib onu gözləyirdi. Lakin Maku xanlığının da daxil olduğu ittifaq çox tezliklə dağıldı. Belə ki, Cəfərqulu xan əvvəl Rusiyaya sığınsa da onlardan yardım ala bilməyib Osmanlının sərhəddindəki hakimlərdən kömək istədi. 1800-cü ildə Cəfərqulu xan Anadolu sərhəddində yaşayan kürdlərin köməyi ilə Makuya hücum edir. Lakim bu hücum uğursuzluqla nəticələnir. Maku xanının Rusiyaya meyil etməməsi nəticəsində rus məmurları xanlıqda yaşayan erməniləri xana qarşı təhrik etməyə başladı. 1805-ci ildə Makuda yaşayan erməniləri bildirmişdi ki, ruslar İrəvanı işğal edəndə Makunu öz əlləri ilə ruslara təslim edəcəklər.  Hüseyn xanın hakimiyyətinin son illərində Mahmudi və Əbaqiyyə mahalları Osmanlılar tərəfindən tutuldu, lakin bu mahalları tezliklə geri ala bildi. Mahalların geri qaytarılmasında Naxçıvan əhalisinin rolu böyük olmuşdur.

1822-ci ildə hakimiyyətə Hüseyn xanın oğlu Əli xan keçdi. Əli xanın dövründə xanlıq möhkəmlənməyə nail oldu. Hüseyn xanın oğlu Əli xan hamının qibtə etdiyi bir xan olaraq tanınırdı. Əli xan daha sonra İslam dinindən çıxaraq Babın təlimini qəbul etmişdi. 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsinə əsasən Maku xanlığının 4 erməni kəndinin sakinləri İrəvana köçürüldü. Müqavilə ilə Maku xanlığı Qacar imperiyasının hakimiyyətinə keçdi. 1829-cu ildə Maku xanı Əli xan Osmanlı dövləti ilə razılığa gəlir. Belə ki, 1829-cu ilin iyununda Van hakimi Rusiya sərhəddinə hərəkət edəndə əsgərlərini ərzaqla təmin etməsi üçün Maku xanından kömək istəyir. Əli xan onun istəyini yerinə yetirir.

Əli xan, xüsusilə Krım müharibəsi (1853-1856) dövründə izlədiyi bitərəflik siyasəti ilə xanlığını böyük dövlətlər arasında əzilməkdən qorudu.

Bu xətt Hacı İsmayıl xanın zamanında da davam etdirildi.

Teymur Paşa xan 1877-1878-ci illərdə xanlığı gücləndirdi. 1881-ci ildə Şeyx Übeydulla Kürdistan yaratmaq ideyasını irəli sürərək Azərbaycana hücum edir. Bu zaman Teymur Paşa xan, rus generalı Alxazovun Naxçıvan dəstələrilə birgə Təbriz üçün təhlükə yaradan Şeyx Übeydullanın dəstəsini məğlubiyyətə uğratdı. Ona yerli xalq "Azərbaycan Padşahı" ləqəbi vermişdi. Onun hakimiyyəti dövründə xanlığın siyasi nüfuzu artdı.

Xanlığın son nümayəndəsi Murtuzaqulu xan oldu. Teymur Paşa xanın ölümündən sonra 5 qardaşı Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. Hakimiyyət uğrunda başlayan bu mübarizə xanlığı nisbətən zəiflətdi. Buna baxmayaraq Əli xanın dövründə Maku ərazisi 60-70 kənddən ibarəti idisə Murtuzaqulu xanın dövründə Maku ərazisində 300-dən çox kənd varidi. Murtuzaqulu xan "İqbal-us-Sultanə" titulu daşıyırdı. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi. 1917-ci ildə bolşevik inqilabı nəticəsində Azərbaycanda çar qüvvələrinin dağılması ilə Murtuzaqulu xan yenidən öz taxtına qayıtsa da, 1923-cü ildə İranda Rza xan Pəhləvinin hakimiyyəti ələ alması ilə Murtuzaqulu xan yenidən həbs edildi və həbsdə olarkən vəfat etdi. Maku xanlığı ləğv edilərək İranın vilayətinə çevrildi.

İnzibati quruluşu Maku xanlığı Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə həmsərhəd idi. Xanlığın mərkəzi olan Maku şəhəri təbii istehkam şəklində idi. Şəhər ətrafındakı divarların möhkəm olması, Maku qalası daxilində bulaqların, təbii suların olması şəhəri uzun müddətli müdafiəyə əlverişli edirdi. Bunun nəticəsidir ki, Əmir Teymur və I Şah Abbas Maku qalasını mühasirəyə alsalarda, ələ keçirə bilməmişdilər. Xanlığın şimal-qərbində dərin və dolama mağaralar yerləşirdi.

Maku xanlığının ərazisi 18 mahala bölünürdü. Xanlığın tərkibinə daxil olan mahallar aşağıdakılar idi:

Qaradərə - Maku şəhərinin məskunlaşdığı vadini əhatə edirdi. Avacıq - Bu bölgə Osmanlı sultanları tərəfindən Mahmudi kürdlərinə verilən ərazi idi və "ev ocağı" mənasını daşıyırdı. Avacıq tərəkəmələri Maku bayatlarının mütəffiqi olduğu üçün Maku xanı bu ərazini heç bir silah istifadə etmədən xanlığa birləşdirmişdi. N.İshaqinin fikrincə, Avacıq bölgəsi əslində Maku xanlarına bağlı vassal xanlıq idi. Avacıq hakimləri xan rütbəsinə malik idilər, onların öz hərbi dəstələri var idi. Hətta rus səyyahı və hərbi nümayəndəsi E. İ. Çirikov və V. F. Minorski yanlış olaraq Avacıqı ayrıca xanlıq kimi qeyd etmişlər. Qaraqoyun - Eyni bölgənin əhalisi məşhur Qaraqoyunlu tayfasının davamçıları idi. Onların məzhəbləri də digər bölgələrdən fərqli idi. Hz. Əlini Allah hesab edirdilər. Qaraqoyunluların imamı Kirmanşah seyidləri arasından göndərildi. İmamın nüfuzu böyük idi. Çaldıran - Məşhur Çaldıran döyüşü bu ərazidə baş verib. I Şah Abbas bölgənin bir hissəsini Osmanlılardan geri ala bilmişdi. Çaldıran şəhəri də daxil olmaqla ərazinin digər hissəsi isə türklərin əlində idi. Arazkənarı - Adından da göründüyü kimi, Araz çayı və onun ətrafındakı torpaqları da əhatə edirdi. Çaybasar - Xanlığın Arran hissəsində Zəngimar çayının ətrafında yerləşirdi. Çaypara - Ağçay bu bölgədə suvarma kanallarına bölündüyü üçün belə adlandırılıb. Onun mərkəzi Çors şəhəri idi. Bəbəcik - Xanlığın mühüm iqtisadi əhəmiyyətə malik vilayəti idi. Cəlalı və Milan obaları - Bayat əyanlarından biri olan eləcə də, xandan asılı kürd feodalları tərəfindən idarə olunurdu. Kəklərat - Xanlığın ən kiçik mahallarındandır. Daşkəndlər - Bu bölgə Qaladərəsi və ya Çaldıran bölgəsinə daxil edilmişdir. Abaqiyə və ya Əbaqiyə - Bu mahalın adının Abaqa xandan gəldiyi düşünülür. Sökmənabad Tamasas Ələnd Hoşap Mahmudi Şərur

Hoşap, Mahmudi və Abaqiyə mahalları XIX əsrin əvvəllərində Osmanlı torpaqlarına qatıldı. Şərur mahalı isə XIX əsrdə Türkmənçay müqaviləsinə görə Rusiyaya tabe idi. Əsrin əvvəllərində son dörd bölgə istisna olmaqla, Maku xanlığının tərkibində 400 kənd və qəsəbədən ibarət 14 mahal var idi.

İdarəetmə sistemi Xanlığın mərkəzi idarəetmə orqanı divanxana idi. Xanın özünün başçılıq etdiyi idarə heyəti 7-8 nəfərdən ibarət idi. Xandan sonra el xan (il xan) səlahiyyət baxımından ikinci şəxs sayılırdı. Şəhər idarəsində kələntər (farsca böyük deməkdir) və qala ağası kimi vəzifələr var idi.

Kəndlər muxtar adlanan şəxs tərəfindən idarə olunurdu. Onun köməkçisi isə gizir adlanırdı. Vergi yığan məmurlara mübaşir deyilirdi. Torpaq sahibinin mülkündə vergilər darğalar tərəfindən toplanırdı.

Xanlıqda məhkəmə işləri şəriət qanunlarına (fiqh) əsaslanırdı. Din xadimləri bu məhkəmə və dini işlərin aparılması üçün muzd (əcir) və ya pul alırdılar. Digər xanlıqlardan fərqli olaraq Maku xanlığında ruhanilərin təsiri az idi. Buna səbəb xanlıq ərazisində etiqad və inancların çoxluğu idi. Bu da ruhanilər arasında çəkişmələrə gətirib çıxarırdı. Bu cür çəkişmələr onları xalq kütlələri arasında rüsvay edir, nüfuzlarını azaldır və mahal hakimləri ilə rəqabət aparmağa imkan vermirdi. Divanxanada mühakimə olunanlar ağır cəzalara məhkum edildi. Məhbusların qulaqları və burunları kəsilirdi. Camaatı qorxutmaq üçün cəzalar çox vaxt ictimai yerlərdə həyata keçirilirdi.

Xan sarayında tüfəngçi, ambardar, xəzinədar, lələ, taya, aşpaz, bağban, qatırçı, çıraqbaşı, dərzibaşı, qaravulbaşı, saray müəllimi və başqa vəzifələr var idi.

XVIII əsrin əvvəllərində Maku xanlığında döyüşə çağrılan əskərlərə sərbaz (başından keçən) və ya canbaz (canından keçən) deyilirdi. On sərbazın başçısı onbaşı və dehbaşı adlanırdı. 50 nəfərin başçısına əllibaşı, 100 nəfərin başçısına yüzbaşı və ya sultan, 800-1000 nəfər əskərə başçılıq edənə isə xan deyilirdi. Sərbazlara ildə 30 tümən, gündəlik isə 1/4 batman çörək verilirdi. Sərbazlar uzun lüləli tüfəng işlədirdi.

Xanlığın toplarından ikisi təkərli araba tərəfindən daşınırdı və mərmilər 2,5 girvəngə (təxminən 1 kq) ağırlığında idi. Digər üç top isə dəvə üzərində daşınırdı və zənburəkçilər tərəfindən atılırdı. Bu toplar qalanın müdafiəsi zamanı istifadə edildiyi üçün qalada saxlanırdı.

Sosial-iqtisadi həyat Ticarət əlaqələri

XVIII əsrdə Maku xanlığında ticarət daha çox əmtəə mübadiləsi formasında aparılırdı. Pulun qıtlığı onun geniş miqyasda mübadilə vasitəsinə və bazarda əsas alqı-satqı vasitəsinə çevrilməsinə imkan vermirdi. Türk tacirləri Azərbaycanda gümüşün az olması fürsətindən istifadə edərək Azərbaycanın sərhəd şəhərlərinə külçə və akçe şəklində pul gətirir, mallar alır, Türkiyə və Şərqi Avropada satır və böyük gəlirlər əldə edirdilər. Hələ XVIII əsrin əvvəllərindən türk tacirləri yüzlərlə dəvə karvanı ilə Azərbaycanın sərhəd şəhərlərinə gəlir, Təbriz sənətkarlarının köməyi ilə gətirdikləri gümüşdən yerli sikkələr zərb edir, əldə etdikləri pullarla mal alırdılar.

Maki tacirləri İstanbul, Qars, İrəvan, Gəncə, Bakı, Tiflis, Xoy və Təbrizə xammal aparır, bu şəhərlərdən xanlıq əhalisinin istehlakı üçün zəruri sənaye və sənətkarlıq malları gətirirdilər. Xanlığın ilk yarandığı dövrdə əsas ticarət Osmanlı şəhərləri ilə idi. Türk tacirləri isə yüzlərlə dəvədən ibarət karvanlarla Azərbaycanın sərhəd şəhərlərinə, Makuya gəlir, alış-veriş edirdilər. Çox vaxt Anadoludan mal əvəzinə külçə, gümüş və ya sikkə gətirirdilər.

Makunun sərhəddində məskunlaşan Milan, Hayadaranlı və Cəlali tayfalarının Anadoludan gəlib oraya gedən tacirləri qarət etməsi Anadolu ilə ticarətin azalmasına səbəb oldu. Lakin Anadolu və Maku xanlığının sərhəd elləri ilə kəndliləri arasında bazar mübadiləsi genişlənirdi. Anadolu və Maku xanlığının əhalisi hər iki ölkədə sərbəst səyahət edir, mal mübadiləsi aparırdılar. Bu səbəbdən Maku xanlığı ilə Türkiyənin sərhəd bölgələri arasındakı ticarət bir növ daxili ticarət idi. A. Coberə görə, sərhəd camaatı orta hesabla 1 milyona yaxın qoyunu satmaq üçün İstanbula aparırdılar.